odlar diyari  
 
  Azərbaycanın təbiəti 19.04.2024 03:11 (UTC)
   
 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

DÖVLƏT TƏBIƏT QORUQLARI - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. Azərbaycanda ilk qoruq - Göy-Göl 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə, 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmiş və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar Şamı Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur.

Eldar Şamı Dövlət Təbiət Qoruğu

Eldar Şamı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.
Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə "Eldar şamı" yasaqlığı yaradıldı. Eldar şamı respublikamızın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti hər tərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.
Eldar şamı qoruğunun yerləşdiyi ərazi mütləq örtüyü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə uzanan alçaq dağlıq sahədir. Torpaq örtüyü şiddətli eroziyaya uğramış, çox yerdə torpaq əmələ gətirən suxurlardan az fərqlənən qəhvəyi arid meşə torpaqlarıdır. Burada yarımsəhra və quru bozqırların yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir.
Eldar şamı Elləroyuğunda özünəməxsus arid meşə landşaftı yaratmışdır. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız agacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm, boniteti V, sıxlığı 0,32-dir. Onun adı Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmişdir.
Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan hissəsini isə yarğanlar və sıldırım yamaclar təşkil edir.
Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.
Meşələr üçün qeyri-adi hesab edilən şəraitdə bitib inkişaf edən Eldar şamı quraq və az münbit torpaqlı ərazilərin yaşıllaşdırılması üçün misilsiz əvəzsiz ağac növüdür. Quraq ərazilərdə meşə massivlərinin, tarlaqoruyucu meşə zolaqlarının salınması, dərə və yarğanların eroziyasının qarşısının alınması, qumluqların bərkidilməsi, dekorativ yaşıllaşdırma tədbirləri üçün Eldar şamının çox geniş ərazilərdə əkilməsi perspektivi vardır.
Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.

Göy-göl Dövlət Təbiət Qoruğu

Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göy-göl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Göy-göl Dövlət Təbiət Qoruğu Xanlar rayonunun inzibati ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 m hündürlükdə yerləşir.
Qoruq içməli su mənbəyi kimi Göy-gölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.
Göy-göl qoruğunun əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır.
Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. Illik yağıntının miqdarı 600-900 mm-dir.
Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.
Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar.
Ərazidə məskunlaşan heyvanlardan ikisinin - Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı "Qırmızı Kitab"lara düşmüşdür. "Qırmızı Kitab"larda Göy-göldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı vardır.
Göy-göl Dövlət Təbiət Qoruğunun əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyasdığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.
Qoruğun ərazisində hərbi hissə yerləşir.
Qoruğun filialı kimi fəaliyyət göstərən 392 hektarlıq Eldar Şamı sahəsinin ərazisi genişləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Hal-hazırda Göy-göl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsini genişləndirilərək Göy-göl Milli Parkının yaradılması üçün müvafiq sənədlər işlənib hazırlanır.

İsmayıllı Dövlət Təbiət Qoruğu

Ismayıllı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Nazirlər Sovetinin 1 iyun 1981-ci il tarixli 256 saylı Qərarı ilə Ismayıllı rayonunun 5778 hektarlıq ərazisində yaradılmışdır. 2003-cü ildə qoruğun ərazisi genişləndirilmiş və 16740 hektara çatdırılmışdır.
Qoruğun nəzdində Ismayıllı Dövlət Yasaqlığı fəaliyyət göstərir. Yasaqlıq Ismayıllı rayonu ərazisində Böyük Qafqazın cənub yamacında alçaq dağlıq ərazidən başlayıb dəniz səviyyəsindən 3629 m hündürlüyə kimi olan sahələri əhatə edir. Yasaqlıq 1969-cu ildə yaradılmışdır.
Ismayıllı Dövlət Təbiət Qoruğu Böyük Qafqazın cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində meşə qurşağının təbii kompleksini, xüsusilə meşə bitkilərinin qiymətli nümunələrini, heyvanlar aləmini, onların nadir və qiymətli növlərini, torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdirmək, həmçinin, təbii kompleksin sabitliyini tənzimləmək məqsədi ilə yaradılmışdır.
Qoruq dəniz səviyyəsndən 600-2500 m hündürlüyündə yerləşir və iki hissədən ibarətdir. Qoruğun əsas hissəsi dağlıq (800-2250 m) ərazidən ibarət olan Topçu meşələrini əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq və cənub-şərqdən Axoxçay boyunca Talıstan meşələri, cənubdan Topçu meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay çayı ilə sərhədlənir. Qoruğun qalan ərazisini isə Qalıncaq meşəliyi əhatə edir (600 m).
Ismayıllı Dövlət Təbiət Qoruğunun ərazisi Böyük Qafqazın cənub yamacının aşağı və orta dağ qurşağının tipik relyef formalarına malikdir. Ərazi şimaldan cənuba çay dərələri ilə kəskin parçalanmışdır. Bu sahələr üçün müxtəlif istiqamətli və meylli yamaclar, dağ silsilələrinin suayrıcı, enli və dərin dərələr səciyyəvidir.
Qoruğun ərazisində geoloji cəhətdən Yura, Təbaşir, Üçüncü və Dördüncü dövrlərin əhəngdaşları, gil şistləri, qum daşları və tufogen suxurları intişar tapmışdır. Onlar lantşaftın, torpaq və bitki örtüyünün formalaşmasında böyük rol oynayırlar.
Qoruğun ərazisi meşə ilə örtülü olduğu üçün burada yalnız dağ-meşə torpaqları, subalp çəmənlikləri ilə sərhəddə isə dağ-meşə-çəmən torpaqları yayılmışdır.
Ismayıllı Dövlət Təbiət Qoruğunda qışı rütubətli keçən soyuq və yağıntısı təxminən bərabər paylanan mylayim isti iqlim tipləri hakimdir.
Qoruğun su şəbəkəsi Göyçay, Axoxçay çaylarından, onların bir neçə qollarından və yüzlərlə bulaqlardan ibarətdir.
Meşələrdə əsasən fısdıq, vələs, palıd (şabalıdyarpaq, iberiya və şərq) qismən də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq palıd, palıd və qaraçöhrə növləri Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir.
Qoruğun bitki örtüyü dəniz səviyyəsindən hündürlüyə doğru dəyişir. Aşağı dağ meşə yarımqurşağında (800-1000m) əsasən Iberiya palıdı və Qafqaz vələsindən ibarət palıd və vələsli-palıd meşələri yayılmışdır. Qoruğun ərazisinin çox hissəsini təşkil edən orta dağ-meşə yarımqurşağı (1000-1700m) əsasən şərq fıstığından və Qafqaz vələsindən ibarətdir. Onlar fısdıq və vələsli-fısdıq meşələrini təşkil edir. Yuxarı dağ-meşə yarımqurşağında (1700-2000m) əsasən fısdıq, qismən isə vələs və palıd meşələri inkişaf etmişdir. Hündürlüyə doğru (2000-2250) seyrək subalp kolluqları ilə əvəz olunur.
Ümumiyyətlə, qoruq ərazisinin meşə ilə örtülü sahəsində fısdıq, vələs, palıd, ağcaqayın meşələri təşkil edir.
Ismayıllı Dövlət Təbiət Qoruğunda heyvanat aləmi də çox zəngindir. Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib Qafqaz maralı, ayı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, ağacdələn, çobanaldadan və s. heyvan və quşlar vardır. Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir.

Pirqulu Dövlət Təbiət Qoruğu


Pirqulu Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 25 dekabr 1968-ci il tarixli Qərarı ilə 1521 hektar sahədə Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında, Şamaxı inzibati rayonu ərazisində təşkil edilmişdir. 2003-cü ildə qoruğun sahəsi genişləndirilmiş və 4274 hektara çatdırılmışdır.
Qoruğün təşkil edilməsində əsas məqsəd eroziya proseslərinin və astrofizika rəsədxanasının fəaliyyətinə mənfi təsir göstərən atmosferin tozlanmasının qarşısını almaq, habelə bura üçün xas olan tipik dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın münbit qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin təbii artımının təmin edilməsi, eləcə də qiymətli, nadir və sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması olmuşdur.
Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla tanınır. Üstünlük təşkil edən cinslər vələs, palıd və fısdıq ağaclarıdır.
Pirqulu Dövlət Təbiət Qoruğunun ərazisi üç ayrı-ayrı hissədən ibarətdir:
1. Araxçın sahəsi 1600-2000 m hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı dağ-meşə qurşağının, qismən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. Meşələr Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb yamaclarında yayılmışdır.
2. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari Pirqulu dağında yerləşir; bu sahə əsasən orta dağ-meşə yarımqurşağının, qismən də bozqırlaşmış dağ-çəmən landşaftının təbiəti üçün səciyyəvidir.
3. Cəngi sahəsi aşağı dağ-meşə yarımqurşağında, 800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsasən Cəngi çayı hövzəsinin sol (Cəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə edir.
Qoruğun ərazisinin yerləşdiyi hündürlük onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir.
Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Hətta 15-20 m2 sahədə 20-25 ağac və kol, 60-70 ot bitkisi növünə rast gəlinir. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Bunları həm təmiz, həm də qarışıq meşələr təşkil edir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır.
Heyvanat aləmi müxtəlif məməli və quşlardan ibarətdir. Burada məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq, gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə təsadüf olunur.
Pirqulu Dövlət Təbiət Qoruğunda "Qırmızı Kitab"lara adı düşən məməlilərdən qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.
Təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi əhalinin diqqətini buraya həmişə cəlb edir.


Zaqatala Dövlət Təbiət Qoruğu

Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında təşkil edilmişdir. Ərazisi 23844 hektardır.
Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur.
Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, dəniz səviyyəsindən 650-3646 m hündürlükdə yerləşir.
Yüksəklik artdıqca qoruğun iqlimi mülayim isti iqlimdən dağ tundrası iqliminə doğru dəyişir. Aşağı və orta dağ qurşaqları (800- 2200 m. d.s.h.) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür, yüksəklik artdıqca isə bunlar subalp seyrəklikləri ilə, sonra subalp çəmənlikləri (2400 m.) daha sonra isə alp çəmənlikləri (3200 m-ə kimi) və nəhayət, subnival və nival qurşaqları ilə əvəz olunurlar.
Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı- qayalı çay sahilləri ilə kəsilir.
Qoruğun şimal hissəsində yerləşən dağlar şiş zirvəli sal qayalardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında qalır, cənub hissədəki günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olurlar.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi çox kəskin çay şəbəkəsi ilə kəsilir. Öz mənbəyini qoruğun ərazisindən götürən və şimaldan cənuba kimi bütövlükdə bu ərazidən keçən əsas çaylardan Alazan çayının qolları olan Katexçay və Balakənçayı göstərmək olar. Dağ çaylarının suyunun əsasını su ayrıclarında böyük miqdarda yağan qar və yağışlar təşkil edir.
Əsrlər boyu qoruğun ərazisindən axıb keçən əsas çaylar orta dağlıq hissədə hündürlüyü 20 metrə çatan gözəl şəlalələr, keçilməz dərələr yaratmışlar.
Ərazinin əsas süxurları gilli şistlər və qum daşlarından ibarətdir. Qoruğun torpaq örtüyü əsasən ibtidai dağ-çəmən, dağ-çəmən, dağ-çəmən-meşə və qonur meşə torpaq tiplərindən ibarətdir.
Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar.
Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır.
1950-ci ildə qoruqda elmi-tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır.
Qoruğun elmi təmayülü - Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir.
Çox qiymətli dərman bitkisi olan jenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.
Elmi-tədqiqat işi qoruğun əməkdaşları və başqa elmi-tədqiqat və tədris institutlarının alimləri tərəfindən aparılır.
Ilisu Dövlət Təbiət Qoruğu
Ilisu Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 20 fevral 1987-ci il tarixli 57N-li Qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və Ismayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. Hal-hazırda qoruğun sahəsi 17381,5 hektardır.
Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.
Qoruğun adı Qax rayonundakı Ilisu kəndinin adı ilədir. Həmin kəndin adı isə onun yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq "iyli su" mənasından yaradılmışdır.
Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir.
Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir.
Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.
Ilisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Ilisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları "Qırmızı Kitab"lara daxil edilmişdir.
Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər (dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir.
Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır, onların 60 növə qədəri isə sərçəkimilərə aiddir.
Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir.
Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərq qışovçusu, kür şirbiyi, və kür xramulyası yalnız Kurmuxçayın qoruğun aşağı sərhəddindəki hissəsndə məskunlaşmışdır.
Burada suda-quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.


Türyançay Dövlət Təbiət Qoruğu

Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə ərazisi iki dəfə genişləndirilmişdir. Hazırda sahəsi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.
Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır.
Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Ərazi kəskin parçalanmış relyefə malikdir. Geomorfoloji cəhətdən burada arid denudasiya relyef tipi səciyyəvidir. Ərazi quru, dərin dərələrlə şiddətli parçalanmışdır. Relyefin parçalanması burada arid iqlim şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az qalın və az münbitli olması ilə nəticələnmişdir.
Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. Il ərzində yağıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə çatır.
Qoruğun ərazisində qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, allüvial çəmən-meşə torpaqları inkişaf etmiş, bendlend sahələr yayılmışdır.
Ərazidə yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Onun özünəməxsus arid bitki örtüyü vardır. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.
Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Burada sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. Ilanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın "Qırmızı Kitabı"na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.
Əvvəllər Turyançay qoruğunun üç filialı var idi - Eldar şamı, Sultanbud saqqızağacı meşəliyi, Şirvan yarımsəhra bitkiəri sahəsi.
300 hektarlıq sahəsi olan Eldar Şamı filialı Respublika hökumətinin 21 noyabr 1967-ci il tarixli qərarı ilə Göy-göl Dövlət Təbiət Qoruğuna verilmiş, daha sonra, ərazisi genişləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Şirvan Dövlət Təbiət Qoruğu

Şirvan Dövlət Təbiət Qoruğu respublikanın böyük qoruqlarından biridir. Qoruq Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşir. 1961-ci ildə Kür-Araz ovalığının həmin hissəsində ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan Hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxtda Respublika hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17,7 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu təşkil edildi. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılmışdır. Hazırda Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 6232 hektardır.
Qoruğun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşmüş, gözəllik rəmzi olan ceyranların və bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsini və bərpasını təmin etməkdir.
Şirvan Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı yarımsəhra xırda təpəlikləri, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Hər bir təbii landşaft sahələrinin ceyranlar üçün xüsusi əhəmiyyəti vardır.
Geoloji dövr ərzində qoruğun ərazisi bir neçə dəfə Xəzərin suları altında olmuşdur. Xəzərin səviyyəsinin azalması ilə əlaqədar ərazi dəniz, qismən sel və allüvial çöküntülər nəticəsində quruya çevrilmişdir. Ərazi dəniz səviyyəsindən aşağıda yerləşir. Burada mikrorelyef yaxşı nəzərə çarpır. Külək vasitəsilə yaranan dyun təpəciklərinin hündürlüyü 0,5-1,2 m-ə qədərdir və onlar ceyranların mühafizəsi və sığınacağı üçün çox sərfəlidir.
Qoruq ərazisində əsasən boz, boz-çəmən və çəmən-bataqlıq torpaqları və qumluqlar yayılmışdır.
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi az və ya zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsilə səciyyələnir. Qoruq ərazisi yarımsəhra zonasında, düzənlik ərazidə yerləşdiyindən burada çay və bulaq yoxdur. Qoruğun ərazisindən bir neçə kollektorlar keçir. Onların vasitəsilə qoruqda olan Çala gölü su ilə təmin olunur. Xəzərin, kanalların suyu qışda donmur, bu da ceyran və quşlar üçün çox əhəmiyyətlidir.
Bəndovan Dövlət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 m çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişlər. Həmin gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır.
Qoruğun ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşan-şoranotlu yarımsəhra, qismən də səhra, çəmən-çala və qumluq bitkiləri yayılmışdır.
Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra zonasında yerləşsə də, heyvanlar aləmi çox zəngindir. Burada xeyli miqdarda məməlilər, sürünənlər və suda-quruda yaşayanlar vardır.
Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Qoruq ərazisində oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s. məskən salmışdır. Qoruqda Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar mühafizə olunur.

Bəsitçay Dövlət Təbiət Qoruğu


Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.
Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilədir. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşmışdır.
Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.
Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi - müxtəlif otlu çinar meşələri formalaşmışdır.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Illik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.
Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.

Qarayazı Dövlət Təbiət Qoruğu

Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu ərazisində-Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrndə 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı.
Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.
Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır.
Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir.
Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s. ibarətdir.
Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi qışın quraq və mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın orta illik temperaturu 12,20C-dir; yalnız yanvarın orta temperaturu 00C-dən aşağı (-0,10C) düşür. Illik yağıntının miqdarı 400 mm olduğu halda, illik buxarlanma bundan 2,3 dəfə artıqdır.
Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının təsiri, qrunt sularının səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır.
Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir, onların əmələ gətirdiyi kolluqların eni bir neçə metrə çatır. Sahildən uzaqlaşdıqca onları tipik Tuqay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur. Birinci yarusu ağyarpaq qovaq, ikinci yarusu isə palıd, qızılağac təşkil edir. Burada Tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Meşəaltı kollar, cavan ağaclar meşənin nisbətən seyrək yerlərində daha çox inkişaf etmişdir. Bunlar əsasən ağyarpaq qovaq, palıd, yemişan, böyürtkən, amorf söyüd, qaramurdarça, iydə, göyəm və s. ibarətdir.
Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır.
Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur.
Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır.
Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir.
Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.
Qarayazı qoruğunun adının qəribə mənası vardır. Qarayazı "qara" və "yazı" sözlərindən ibarətdir. Burada "qara" böyük, "yazı" isə qədim türk dillərinə aid olan düzənlik, çöllük mənalarına işlədilir. Qarayazı coğrafi adının mənası "Böyük düz", "Böyük çöl" deməkdir.
Qızılağac Dövlət Təbiət Qoruğu
Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Bunu nəzərə alaraq Azərbaycanın hakimiyyət orqanlarının qərarı ilə Qızılağac körfəzi və onun ətrafının 5 km-lik zonası 180 min Ha sahədə 1926-cı ildə Ovçuluq Təsərrüfatı Yasaqlığı elan edildi və burada hər cür ov qadağan olundu. Sonra isə Azərbaycanın Qədim və Incəsənət abidələrinin qorunması Komitəsinin təşəbbüsü ilə 1929-cu ildə həmin yasaqlıq dovlət qoruğuna çevrildi. Hal-hazırda qoruğun ərazisi 88360 Ha-dır. Qoruqla birlikdə 10,7 min ha sahəsi olan Kiçik Qızılağac Yasaqlığı da fəaliyyət göstərir.
Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur.
Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır.
Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir.
Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Bu iqlim tipləri çox az və zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsi ilə səciyyələnir. Havanın orta illik temperaturu 14,40C-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20C, ən isti ayın orta temperaturu isə 25,50C olur.
Böyük Qızılağac körfəzi Xəzər dənizinin cənub-şərq sahilində, Azərbaycanın cənub-şərq hissəsində yerləşir.
Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsilə əlaqədar olaraq yarımadaya çevrilən Sara adası Böyük Qızılağac körfəzinin bir hissəsi ondan ayrılıb xüsusi ekoloji rejimli Kiçik Qızılağac körfəzini əmələ gətirmişdir. Quşların məskunlaşması və balıq ehtiyatına görə bu körfəz Böyük Qızılağac körfəzindən geri qalmır. Onun üçdə bir hissəsi qoruq, üçdə iki hissəsi isə yasaqlıqdır.
Qoruğun ərazisində su, bataqlıq və quru əraziərin ot və kol bitkiləri vardır. Bunlar da quşlar üçün ən qiymətli yem bazası, yuvalamaq və yaşamaq üçün əlverişli yerdir.
Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir.
Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir.
Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir.
Ərazidə məskunlaşmışquş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.
Qızılağac Dövlət Təbiət Qoruğu suda-quruda yaşayanlardan müxtəlif növ qurbağalar yaşayır. Sürünənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir.
Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac körfəzində Xəzər suitisi vardır.

Qaragöl Dövlət Təbiət Qoruğu

Işıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində yerləşir, sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.
Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər.
Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respubikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dovlət qoruğu elan edilmişdir. Ərazisi 240 hektardır.
Qoruq Qarabağ Vulkanik Yaylasının cənub hissəsində böyük Işıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir.
Burada geoloji cəhətdən vulkanik dağların pliosen lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğanlı və qayalıdır; şimal-qərb tərəflərində bir neçə gətirmə konusu var; digər hissələrində relyef düzənlikdir.
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu - 30C-dən aşağı, ən isti ayınkı 100C-dən yuxarıdır. Illik yağıntının miqdarı 700 mm-dir.
Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərmişdir.
Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi bitir.
Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.
Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.
Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır. Qoruğun quru sahələri çox az olub yüksək alp xalılırının nadir və endemik bitkilərini qorumağa tam imkan vermir.
Işıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin mənfur qonşularımız olan emənilər onu ələ keçirmişlər. Hal-hazırda Qaragöl qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir.

Şahbuz Dövlət Təbiət Qoruğu

Azərbaycan Respublikasının çox qədim tarix və mədəniyyətə malik olan Naxçıvan torpağı nadir, təkrarolunmaz və füsunkar təbiətə malik ərazisi kimi də şöhrət tapmışdır. Elə bu baxımdan da onun təbii şəraitinin olduğu kimi, toxunulmaz saxlanılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqət yetirilir, müvafiq tədbirlər həyata keçirilir. Buna Şahbuz Dövlət Təbiət Qoruğunun yaradılmasını əyani misal göstərmək olar.
Şahbuz Dövlət Təbiət Qoruğunun əsas torpaq sahələri 2200-2400 metr yüksəkliyə malik olan dağlıq sahələrdən, yağıntının qismən çox olduğu Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşir.
Müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə 2899 bitki növü yayılmışdır. Bu qədər geniş müxtəlifliyə malik bitki örtüyü olan ərazidə 285 növ faunanın məskunlaşmasına imkan yaranmışdır. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə xarakterizə olunur. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin inkişaf tapması landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayır.
Şahbuz Dövlət Təbiət Qoruğunun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yerləşirlər.
Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km2), Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18 km2). Ümumi su tutumu təqribən 3 mln. m3-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşır.
Zəif parçalanmış dağlıq ərazilərdə inkişaf etmiş dağ-çəmən çimli torpaqlar üzərində çəmən və qismən bataqlıq bitkiləri yayılmışdır. Biçənək aşırımından cənub-qərbə Batabat gölü ətrafında sürüşmələrin geniş yayıldığı ərazilərdir. 2100-2200 m mütləq yüksəkliyə malik bu sahələrdə torf və torflu torpaqlar yayılmışdır. Ikinci Batabat gölü üzərində əmələ gəlmiş torf qatı geniş sahəni əhatə etməklə, qalınlığı 2m-ə çatır. "Üzən ada" adlandırılan bu kütlə küləyin təsiri ilə gölün üzərində hərəkət edir.
Batabat ərazisində əsasən dağ-çəmən landşaftı inkişaf etmişdir. Təbiətin gözəl guşələrindən biri olan Batabat, ərazisi gül-çiçəkli çəmənlikləri, süni gölləri, saf və təmiz dağ havası, təbii meşələri, Zorbulaq, Südlübulaq kimi şirin və "Narzan" tipli mineral suları ilə məşhurdur. Hər 3 təbii gölün özünə məxsus hidrofaunası vardır. Naxçıvan Muxtar Respukblikasının çaylarında, göllərində, su anbarlarında 29 balıq növü müəyyən edilmişdir ki, onlar da 4 dəstədə, 8 fəsilədə və 24 cinsdə cəmləşmişdir.
Ərazi flora cəhətdən çox zəngindir. Naxçıvan Muxtar Respublikasında bitən 2000-dən artıq ali bitki növlərinə burada rast gəlmək mümkündür.
Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Qoruğun ərazisində çoxlu bəzək bitkiləri də mövcuddur. Bunlardan aran yerlərində bitən qəşəng, müxtəlif rəngli və ətirli endemik süsən növləri, dağlarda yayılmış şərq laləsi, ətirli yabanı qərənfil növləri, dağ lalələri, səhlab, paradoksal süsən və başqalarına rast gəlmək mümkündür. Ərazi həm də dərman bitkiləri ilə zəngindir.
Naxçıvan Muxtar Respublikasının relyefi və fiziki-coğrafi xüsusiyyətləri qoruğun müasir faunasının formalaşması üçün mühüm rol oynamışdır.
Belə ki, Azərbaycan Respublikasında qeydə alınmış 366 quş növünün yarıdan çoxu - 217-si Muxtar Respublika ərazisində məskunlaşmışdır.
Bu quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu,hop-hop və başqaları məskunlaşmışdır.
Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən 15-i "Qırmızı Kitab"a daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə sülsəni, kiçik ərəbdovşanı, siçovullar və siçanların bir neçə növünə rast gəlinir. Muxtar Respublikada yayılan 350 növ onurğalı heyvanlardan 45 növü Muxtar Respublikanın "Qırmızı Kitab"ına düşmüşdür.
Landşaftı, iqlim və relyef xüsusiyyətlərinə görə Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər mövcuddur. Naxçıvan Muxtar Respublikası ərazisində sürünənlərin çoxalması üçün də əlverişli şərait vardır. Azərbaycanda olan 50 növ sürünənlərin hamısına - 3 növ tısbağaya, 22 növ ilana və 25 növ kərtənkələyə qoruğun ərazisində rast gəlinir.
Muxtar Respublikanın həm düzən, həm də dağlıq hissəsində kolluqlarda koramal geniş yayılmışdır. Ilanlar dəstəsindən Naxçıvan Muxtar Respublikasında, yarımsəhralar zonasında kor ilan, çöl əfisi, boz rəngli kərtənkələyə və 2000-2100m yüksəkliyə qədər dağlıq sahənin göllərində su ilanlarına təsadüf edilir. Ərazidə yayılan ilanlardan insan üçün ən qorxulusu gürzədir. Onların uzunluğu 1,5 m, bəzən 2m-ə qədər çatır.
Suda-quruda yaşayanların Naxçıvan Muxtar Respublikası ərazisində 6 növünə rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa ərazidə Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi qafqaz qurbağası və Kiçik Asiya qurbağası qeydə alınmışdır.
Dövlət təbiət qoruğunun xüsusi mühafizə olunan ərazi kimi normal fəaliyyət göstərməsi və iş şəraitinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən konkret tədbirlər görülmüşdür. Belə ki, qoruğun infrastrukturunun yaradılması, inzibati binasının və yardımçı obyektlərin tikilib istifadəyə verilməsi istiqamətində əsaslı köməklik göstərilmiş, bu məqsədlə nazirlik tərəfindən ayrılmış 140 mln. manat məbləğində maliyyə vəsaiti sərf edilmişdir.
Qoruğun işinin düzgün təşkil edilməsi üçün menecment planı da hazırlanır. Planın həyata keçirilməsi ilə əhalinin meşə ərazilərinə olan təsirinin azaldılması, yeni alternativ ov ərazilərinin müəyyənləşdirilib açılması nəzərdə tutulur.
Bu tədbirlərin həyata keçirilməsi yeni iş yerlərinin açılması ilə bərabər yerli əhalinin sosial-iqtisadi həyat şəraitinin də yaxşılaşdırılmasına xidmət edir.
Qeyd olunanlara əlavə olaraq bildiririk ki, Yaponiya Hökuməti və Qlobal Ekoloji Fond tərəfindən ayrılmış qrant vəsaiti hesabına, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dünya Bankı ilə birgə "Kənd Yerlərində Ətraf Mühitin Qorunması" Layihəsinə hazırlıq işlərini həyata keçirir. Layihə çərçivəsində Şahdağ Milli Parkından əlavə mövcud Ordubad Milli Parkının ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Genişləndiriləcək Ordubad Milli Parkının ərazisinə Ordubad, Şahbuz, Culfa, Babək rayonlarının yüksək biomüxtəlifliyə malik və qorunmağa ehtiyacı olan əraziləri daxil ediləcək. Layihənin əsas məqsədi Ordubad Milli Parkının genişləndirilmiş ərazisində olan flora və faunanın qorunması və idarə olunması yolu ilə bioloji müxtəlifliyin mühafizəsinin təmin edilməsi və parkın ərazisində yaşayan əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasıdır.
2004-cü il 18 sentyabr tarixində Şahbuz Dövlət Təbiət Qoruğunun rəsmi açılışı keçirilmişdir.

 
LİNKLƏR

EKOLOJİ PLAKATLAR
HAVA PROQNOZU
Bakı
gündüz........ +9 °C

gecə.............. +3 °C
Sumqayıt
gündüz........ +8 °C

gecə.............. +2 °C
Naxçıvan
gündüz........ +6 °C

gecə.............. -3 °C
Xankəndi
gündüz........ +5 °C

gecə.............. -4 °C
Laçın
gündüz........ +3 °C

gecə.............. -7 °C
Şuşa
gündüz........ +2 °C

gecə.............. -6°C
Gəncə
gündüz........ +11 °C

gecə.............. +2 °C
Şəki
gündüz........ +7 °C

gecə.............. 0 °C
 
STATİSTİKA

HotLog

ILK-10 Azeri Website Directory

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  teqvim
Myspace Stuff

Calendar Provided By : SeekCodes.com Myspace Stuff

  xeber
AZARBAYCANIM.TR.GG
  mezenne

WebUzmanı
  psixoloji sozluk
Psikoloji Sözlüğü

  HTML COD
HTML KOD
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!
.: Gazeteler :.

Hürriyet Sabah Milliyet
Star Cumhuriyet Radikal
Yeni Şafak Türkiye Gözcü
Akşam Zaman Posta
Sitene Ekle



Web'te Türkçe











bu bir www.fullkod.tr.gg hizmetidir